
Təsəvvür edin, bu gün demək olar ki, hər kəs kitab oxumağı tövsiyə edir. Ancaq çox az adam onun necə düzgün edilməli olduğunu izah edir. Demək olar ki, heç kim nələr oxumaq lazım olduğunu, xoşunuza gələ biləcək kitabı haradan tapmağı, necə daha çox oxumağı və oxuduqlarınızı daha yaxşı başa düşməyi demir.
Bu gün bütün bu suallara cavab verəcəm.
Birinci növbədə, mətnin analiz olunması və yadda saxlanması baxımından məhz kağızdan oxumaq daha faydalıdır. Çünki ekrandan oxuyarkən beynimizə yalnız vizual siqnallar ötürülür, kağızdan oxuyarkən isə mətn toxunma hissləri ilə də əlaqələndirilir.
Üstəlik, kağız kitabların bir çox səhifələri və şriftləri bir-birindən fərqli olur, xüsusən köhnə kitablarda bu daha aydın hiss edilir. Bu səbəbdən, oxuma prosesi zamanı beynimizdə daha çox assosiativ bağlantılar yaranır. Sonra elə bil ki, həmin hisslər vasitəsilə harada nə oxuduğumuzu xatırlayırıq.
Mətni daha yaxşı anlamaq üçün kiçik qeydlər aparmaq və kitabın müəyyən yerlərini işarələmək çox vacibdir. Üstəlik, fiziki kitabda işarələr etmək klaviatura ilə və ya hətta stilusla qeydlər aparmaqdan daha effektivdir. Çünki real kağızın verdiyi o özünəməxsus hiss texnoloji həllərin yaratdığı, tez bezdirən vahid standarta qətiyyən bənzəmir.
Üstəlik, alimlər nədənsə ekrandan oxumanın daha çox zehni resurs tələb etdiyini aşkarlayıblar. Yəni bu gün “ideal kitab” dedikdə, bəli, söhbət fiziki kitabdan gedir.
Ancaq hər bir kitab oxumağa dəyərmi? Mən, məsələn, həmişə öncədən bir hazırlıq aparıram. Kitab haqqında maksimum məlumat əldə etmək üçün bəzi saytlardan istifadə edirəm: iki ingilisdilli – Amazon və Goodreads, iki rusdilli – Lifelib və Litres.
Sxem çox sadədir: ən populyar müsbət və mənfi rəyləri oxuyursan. Bununla kitabın nələrini bəyəniblər, nələrindən narazıdırlar, onda hansı özəlliklər və mövzular var – bütün bunları dərhal öyrənirsən. Tez-tez elə bu mərhələdə bəzi əsərləri avtomatik filtrləyirəm.
Bundan sonra kitabla tanış oluram. Çox vaxt onu audioformatda dinləyirəm. Bunun üçün bir neçə tətbiq var: Storytel, Bookmade, Litres və sair. Heç birini xüsusi tövsiyə etməyəcəm, hamısının özünə görə xüsusiyyətləri var. Özünüz sınayın, sizə daha uyğun olanı seçin. Bu mərhələ mənə boş vaxtımda, çox güc sərf etmədən, məsələn, məşq, gəzinti və ya uzun səfərlər zamanı yeni bir ədəbiyyatla tanış olmağa şərait yaradır.
Kitabla ilkin, səthi tanışlıqdan sonra sizdə onun haqqında müəyyən təsəvvür formalaşır. Amma yəqin ki, o tam olmaz. Nələrisə başa düşəcəksiniz, amma müəllifin bəzi fikirləri sizə çox çətin görünəcək, yaxud onları ümumiyyətlə sezə bilməyəcəksiniz. Buna görə də başqalarının tənqidi fikirlərini və analizlərini oxumaq çox önəmlidir.
Yaxşı ki, internetdə tarixi əhəmiyyətli kitabların demək olar hamısı barədə ən azı bir esse tapmaq olur. Başqasının analizini oxuyaraq, kitaba yeni rakursdan baxırsınız. Ola bilsin, əvvəl görmədiyiniz məqamları sezəcəksiniz, müəllifin mesajını daha yaxşı hiss edəcəksiniz. Bu yanaşma, hər hansı bir ədəbiyyat klubunda kitabı müzakirə etmək qədər faydalıdır.
Bundan sonra mən özümə bir qədər istirahət vaxtı verirəm və şüuraltımda oxuduqlarım “həzmdən keçir”. Təxminən bir ay sonra ən çox yadımda qalan kitabları yenidən gözdən keçirirəm. Və nəhayət, bu dəfə kağız formatında. Əgər kitab buraya qədər gəlib çatırsa və onun heç bir mərhələdə “gözümnən düşməsi” baş vermirsə, deməli, mən onu öz kitab rəfimə əlavə etməyə və yenidən oxumağa dəyər hesab edirəm.
Bəlkə pulunuz yoxdur ki, kitab alasınız, ancaq unutmayın ki, siz vergi ödəyirsiniz və texniki cəhətdən artıq kitabxana xidmətinin haqqını ödəmiş olursunuz. Odur ki, bu imtiyazdan istifadə etməkdən çəkinməyin. Beləliklə, oxumaq üçün kitab seçin. Bəlkə dostunuzun məsləhət etdiyi kitablardan, “hər kəsin oxumalı olduğu” iddia edilən kitablardan, ya da sevimli yazıçınızın, qəhrəmanınızın ədəbiyyat zövqündən faydalanaraq qərar verə bilərsiniz. Tövsiyə bolluğu bu gün kifayət qədərdir.
Sonra kitabı alanların fikirlərini oxuyun. Onların nələri bəyəndiyini və nəyə heyran qaldıqlarını öyrənin. Ardınca kitabla audioformatda və ya kitabxana vasitəsilə ilkin tanışlıq keçirin. Daha sonra həmin kitab haqqında bütün tənqidi esseləri və analitik məqalələri oxuyun. Bundan sonra biraz dincəlin. Ürəyinizdə xüsusi yer tutan, sizə dərin təsir bağışlayan kitabı artıq rahatca ala və ciddi, dərindən oxuya bilərsiniz.
Səhifələrin kənarında qeydlər apararaq, əsas fikirləri vurğulayaraq, bloknotda qeydlər apararaq oxuyun. Ümid edirəm ki, bu izahımla ədəbiyyat aləmini sizin üçün bir az da olsa əlçatan və daha aydın etmiş oldum.
Comments